“Bakı Metropoliteni” futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə ONA-nın sorğusuna cavab olaraq “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub.
Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.
May ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcəklər.