Azərbaycan paytaxtı Bakı təkbətək döyüş növləri üzrə dünya idmanının postsovet məkanındakı mərkəzlərindən birinə çevrilib. ONA-nın araşdırmasına görə, Olimpiya proqramına daxil olan 5 döyüş növündən 3-ü üzrə dünya çempionatı şəhərimizdə keçirilib.
İlk belə yarış 12 il əvvələ təsadüf edib. Həmin vaxt dünyanın ən güclü güləşçiləri Bakıda bir araya gəlib. Güləşin ayrı-ayrı növlər üzrə deyil, birləşmiş çempionat keçirildiyi vaxtda bu, MDB və Baltikyanı ölkələrdə baş tutan ilk mundial olub.
2011-ci ildə isə kişi boksçuların dünya çempionatı Bakıda təşkil olunub. Bu, sabiq SSRİ-nin dağılmasından sonra yaranan ölkələrdə keçirilən ilk belə yarışdır. Bunadək yalnız qadın əlcək ustaları keçmiş ittifaq ərazisində rinqə çıxıb.
Ötən il isə dünyanın ən güclü cüdoçuları Bakıda müəyyənləşib. Azərbaycan Rusiya və Qazaxıstandan sonra bu mötəbər yarışa ev sahibliyi edən üçüncü postsovet təmsilçisi olub.
Olimpiya proqramında olan döyüş növlərindən yalnız taekvondo və karate üzrə mundiallar hələ ölkəmizdə təşkil edilməyib. Olimpiya ailəsinin yeni üzvü olan karate ümumiyyətlə MDB ölkələrində keçirilməyib. Taekvondoya isə yalnız 4 il öncə Rusiya ev sahibliyi edib.
Ümumiyyətlə, 5 döyüş növü üzrə 14 dünya çempionatı bəhs etdiyimiz məkanda baş tutub. SSRİ parçalandıqdan sonra yaranan 15 ölkədən yalnız 4-ü mundial təşkil etmək hüququna yiyələnib. Bu siyahıya Rusiya başçılıq edir. Şimal qonşularımız 14 yarışdan yarısında – yeddisində ev sahibi olub. Azərbaycan Qazaxıstanla birgə 3 dəfə çempionat təşkil etməkdə 2-ci sıraya şərikdir. Özbəkistan isə yalnız 1 dəfə belə imkan qazanıb. Ukrayna, Belarus kimi aparıcı idman dövlətləri də hələ belə hüquqa yiyələnməyiblər.
Şəhərlərə gəlincə, Bakı və Moskva hərəyə 3 dəfə dünyanın diqqət mərkəzində olub. Amma yalnız güləşçiləri bir araya gətirən Rusiya paytaxtı ilə müqayisədə şəhərimiz fərqli idman növləri üzrə mundiala ev sahibliyi edib. Çelyabinsk və Astananın hesabında isə 2 dünya çempionatı var. Digər 4 şəhər yalnız 1 dəfə belə yarışa ev sahibliyi edib.
Boks
2005. Podolsk, Rusiya (qadınlar)
2011. Bakı, Azərbaycan
2013. Almatı, Qazaxıstan
2016. Astana, Qazaxıstan (qadınlar)
Taekvondo
2015. Çelyabinsk, Rusiya
Cüdo
2014. Çelyabinsk, Rusiya
2015. Astana, Qazaxıstan
2018. Bakı, Azərbaycan
Güləş
1995. Moskva, Rusiya (qadın güləşi)
1997. Krasnoyarsk, Rusiya (sərbəst güləş)
2002. Moskva, Rusiya (yunan-Roma güləşi)
2007 Bakı, Azərbaycan
2010. Moskva, Rusiya
2014. Daşkənd, Özbəkistan
Karate
Olmayıb