Bu gün Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək.
ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutacaq yarışda 22 ölkənin ən güclü aerobika ustaları 3 gün ərzində öz güclərini sınayacaqlar.
400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaqlar.
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.
Yarışda meydançaya öncə gənc gimnastlar çıxacaqlar. Növbəti gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü – mayın 26-da isə final mərhələlərində Avropa çempionlarının adları bilinəcək.
Qeyd edək ki, birincilik saat 12:00-da başlayacaq. Çempionatın açılış mərasimi isə saat 16:00-da olacaq.