Bakıda təşkil olunan aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbirdə öncə 22 ölkənin bayrağı zala gətirilib.
Ardınca çıxış edən Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov bildirib ki, Azərbaycanda bu növ üzrə ilk dəfə Avropa çempionatı keçirilir: “Yarış yüksək səviyyədə təşkil edilib. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, təşkilatçılara, könüllülərə və azarkeşlərə təşəkkür edirəm”
O, daha sonra yarışı açıq elan edib və Azərbaycan himni səslənib.
Qeyd edək ki, mayın 26-da başa çatacaq Avropa çempionatına 400-ə yaxın idmançı qatılıb. Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaqlar.
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.
Yarış gənc gimnastların çıxışı ilə başlayıb. Növbəti gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü – mayın 26-da isə final mərhələlərində Avropa çempionlarının adları bilinəcək.