• İDMAN

    09:00 6 may 2019

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı toplantı keçirilir

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin toplantısı öz işinə başlayıb.

ONA-nın məlumatına görə, tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və təşkilat komitəsinin üzvləri iştirak edirlər.

Seminara eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corc Visaçki də qatılıb. İclas Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinin texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq, həmçinin onların Bakı-2019 barədə son məlumatları alması və komandalarını bunlarla tanış edə bilməsi üçün təşkil olunub.

A.Rəhimov Avropa Milli Olimpiya Komitələrinin nümayəndələrinin Bakıya səfəri barədə danışıb: “XV Avropa Gənclər Yay Festivalı bütün qitəni birləşdirəcək tarixi bir idman bayramı olacaq. Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərini Bakıda qarşılamağa şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən zaman ərzində bizim Avropa Milli Olimpiya Komitələrinin üzvləri ilə sıx işbirliyimiz olub və tərəfimizdən onlara hər bir dəstək göstərilib”.

Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri C.Visaçki çıxış edib: “Biz Avropa Gənclər Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları – Avropa Milli Olimpiya Komitələrinin nümayəndələri ilə birgə gözəl Bakı şəhərinə bir daha gəldiyimiz üçün böyük məmnuniyyət hissi duyuruq. Mən baş tutan görüşün aramızdakı əlaqələri gücləndirəcəyinə əminəm. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır”.

Ardınca nümayəndə heyətlərinin rəhbərləri Əməliyyat Komitəsi tərəfindən yaradılmış şəraitlə bağlı müzakirələr aparıblar.

Tədbirin sonunda, saat 17:00-da Azad Rəhimov və Corc Visaçkinin iştirakı ilə mətbuat konfransı və medalların təqdimat mərasimi baş tutacaq.

Qeyd edək ki, XV Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-28-də keçiriləcək. Yarışda ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir. Festival 10 idman növü üzrə (gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş) olacaq. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR