Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start veriləcək.
ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutacaq yarışda 39 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.
3 gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq. Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyənləşəcək.
Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Veronika Hudis təmsil edəcəklər. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Ayna Cəfərova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova çıxacaqlar.
Qeyd edək ki, təsnifat mərhələsi saat 12:15-də başlayacaq.