Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan mərasimdə öncə iştirakçı 39 ölkənin bayrağı zala gətirilib.
Ardınca çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana, o cümlədən gimnastikaya göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, beynəlxalq arenada yüksək yarışların təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir beynəlxalq turnir start götürür: “Bu da ölkəmizin beynəlxalq arenadakı nüfuzundan irəli gəlir. Azərbaycanda idmanın inkişafı sürətlə irəliləyir. Son illərdə qazanılan uğurlar bunun əyani sübutudur. Buna əsaslanaraq, beynəlxalq qurumlar da böyükmiqyaslı turnirləri Azərbaycana həvalə edirlər. Milli Gimnastika Arenası da bu tip çoxsaylı yarışlara ev sahibliyi edib”.
O qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva elm, təhsil, səhiyyə sahələrində fəal olduğu kimi, idmana da xüsusi qayğı göstərən bir şəxs kimi tanınır. Nazir müavini Azərbaycanın I vitse-prezidentinin məqsədyönlü fəaliyyət sayəsində ölkə gimnastikasının yeni mərhələyə qədəm qoyduğunu da vurğulayıb: “Bunun nəticəsi kimi, son 16 ildə Bakı bir çox yarışlara ev sahibliyi edib. Bu, ənənəyə çevrilib. Beynəlxalq yarışlar da öz növbəsində ölkədə bədii gimnastikaya, onun bütün növlərinin populyarlaşmasına xidmət edir. Sözsüz ki, Dünya Kubokunda 39 ölkənin mübarizə aparması yarışın gərgin və maraqlı keçəcəyindən xəbər verir”.
Daha sonra yarış açıq elan olunub.
Qeyd edək ki, Dünya Kubokunda 39 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq. 3 gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq. Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyənləşəcək.
Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.