• İDMAN

    12:20 3 may 2019

Bakıda keçiriləcək Avropa Liqasında tarixi rekord qeydə alına bilər – Final haqda hər şey

UEFA mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı yazı hazırlayıb.

ONA xəbər verir ki, məqalədə həlledici oyun barədə müxtəlif materiallar yer alıb.

Ümumilikdə yazıda 8 suala cavab verilib. Materialı təqdim edirik.

Finalda kimlər oynayacaq?
Avropa Liqasının kubokunu başı üzərinə qaldırmaq uğrunda yarımfinalda üz-üzə gələn “Ayntraxt” – “Çelsi” və “Arsenal” – “Valensiya” cütlərinin qalibləri mübarizə aparacaq. Biz bunu mayın 9-da dəqiq biləcəyik.

Final nə vaxt olacaq?
Oyun çərşənbə günü mayın 29-da, Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da (yerli vaxtla saat 23:00) başlayacaq. İlk dəfə bu matç Çempionlar Liqası finalından 4 gün öncə baş tutacaq. Bununla da finallar bütün daxili yarışlar başa çatdıqdan sonraya təsadüf edəcək.

Meydan sahibi kim olacaq?
“Ayntraxt” – “Çelsi” cütünün qalibi nominal ev sahibi olacaq. Bu hələ martda keçirilən püşkatma zamanı müəyyənləşib. Finaldakı hər iki komanda meydana öz ənənəvi formaları ilə çıxa bilər. Amma rənglər eyni olarsa (məsələn, “Arsenal” – “Valensiya” cütündə), qonaqlar alternativ seçim edəcəklər.

Final harada oynanılacaq?
İlk dəfə avrokubok qalibi Azərbaycanda müəyyənləşəcək. Oyunu 2015-ci ildə açılışı olan Bakı Olimpiya Stadionu qəbul edəcək. Bu arenada AVRO-2020-nin də üç qrup və bir 1/4 final matçı oynanılacaq. Stadion 70 minə yaxın tamaşaçı tutumuna malikdir. Bu rəqəmə yaxın göstərici qeydə alınsa, bir qarşılaşmadan ibarət finalların rekordu rəsmiləşəcək. Bu rekord 1999-cu ildə Moskvada “Parma” – “Latsio” oyununa məxsusdur – 62 min.

VAR olacaqmı?
Bu final VAR-ın istifadə olunduğu ilk Avropa Liqası oyunu olacaq. Əgər finalda əlavə vaxt oynanılsa, hər komanda dördüncü əvəzetmə hüququ qazanacaq.

Mövsümdə son oyunun hakimi kim olacaq?
Bu, finala yaxın günlərdə təsdiqlənəcək.

Yarışın qalibi nə alacaq?
Avropa Liqasının kuboku 15 kq çəkiyə malikdir və UEFA-nın bütün yarışlardakı gümüşdən hazırlanan mükafatlarının ən ağırıdır. Hər komanda üçün ümumilikdə 40 medal nəzərdə tutulub ki, onlar da futbolçularla əməkdaşlara veriləcək. Qalibin Çempionlar Liqasının qrupuna vəsiqə qazanması da az əhəmiyyət kəsb etmir.

Finalı necə izləmək olar?
Avropa Liqasının yayım üzrə tərəfdaşlarının tam siyahısı əvvəldən bəllidir. Bu kanallar Avropanın 48, digər qitələrin 156 ölkəsinə yayım təşkil edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda “Ayntraxt” “Çelsi” ilə 1:1 hesablı heç-heçə edibsə, “Arsenal” “Valensiya”ya 3:1 hesabı ilə qalib gəlib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR