Sabah Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
ONA-nın məlumatına görə, baş tutacaq dörd matçdan sonra yarımfinalçılar müəyyənləşəcək.
İngiltərədə “Çelsi” “Slaviya”nı qəbul edəcək. Çexiyada 1:0 hesabı ilə qalib gələn Maurisio Sarrinin yetirmələri üstünlüyünü evdə qorumalıdır.
Digər üç qarşılaşmada isə tərəflərdən biri daha böyük – iki top fərqli üstünlüyünü qorumaq üçün mübarizə aparacaq. “Valensiya” bunu evdə gerçəkləşdirməyə çalışacaq. “Yarasalar” İspaniya klublarının duelində “Vilyarreal”ı mübarizədən kənarlaşdırmağa yaxındır.
İtaliyanın avrokuboklardakı sonuncu təmsilçisi “Napoli” “Arsenal”ı qəbul edəcək. İngiltərədə iki cavabsız qol vuran “topçular” çətin səfər qarşılaşmasında yarımfinala vəsiqə qazanmağa iddialıdır.
Almaniya “Ayntraxt”ı da evdə çətin vəzifənin öhdəsindən gəlməyə cəhd edəcək. Frankfurt təmsilçisi Portuqaliyada uduzduğu “Benfika”nı keçmək üçün ən azı iki qol vurmalıdır.
Qeyd edək ki, Avropa Liqasının 2018/19 mövsümünün final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Neapol. “San Paolo” stadionu
İlk oyun – 0:2
23:00. “Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya)
Baş hakim: Vilyam Kallum (Şotıandiya)
Valensiya. “Mestalya” stadionu
İlk oyun – 3:1
23:00. “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt. “Kommersbank Arena”
İlk oyun – 2:4
23:00. “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya)
Baş hakim: Damir Skomina (Sloveniya)
London. “Stemford Bric” stadionu
İlk oyun – 1:0