Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
ONA-nın məlumatına görə, mərasim yarışın təşkil olunduğu Heydər Əliyev adına İdman Sarayında baş tutub.
Tədbir komandaların paradı ilə başlayıb.
Mərasimdə çıxış edən Azərbaycan gənclər və idman naziri Azad Rəhimov qonaqları paytaxtımızda görməkdən şad olduğunu deyib: "Müasir dövrdə Azərbaycanın inkişafı dünya ictimaiyyətinin gözü qabağındadır. Ölkəmizdə müxtəlif beynəlxalq yarışlar keçirilməkdədir. Buna Avropa Oyunları, İslamiada, "Formula-1" kimi yarışları misal göstərmək olar. Ötən ilin sentyabrında Bakıda cüdo üzrə dünya çempionatı keçirilib. Bu gün cüdo üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalı verən ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən "Böyük dəbilqə" turniri də bu qəbildəndir".
Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Cüdo Federasiyasına təşəkkür edib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev isə turnirin yüksək səviyyədə keçəcəyinə inam ifadə edib. İdmançılara uğurlar arzulayan funksioner ardınca "Böyük dəbilqə"ni açıq elan edib.
Qeyd edək ki, 3 gün davam edəcək yarışda Azərbaycan yığması 15 qadın və 28 kişi idmançı ilə mübarizə aparır. Turnirin proqramına əsasən, bu gün qadınlar 48 kq, 52 kq və 57 kq, kişilər 60 kq və 66 kq, mayın 11-də qadınlar 63 kq və 70 kq, kişilər 73 kq və 81 kq, son gündə isə qadınlar 78 kq və 78 kq-dan yuxarı, kişilər 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
“Böyük Dəbilqə”yə ümumilikdə 56 ölkədən 431 cüdoçu qatılıb. Onlardan 256-sı kişi, 175-i qadındır. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.