Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ikinci günü tarixi hadisə ilə əlamətdar olub.
ONA-nın məlumatına görə, bu gün təşkil olunan sərbəst hərəkətlər üzrə təsnifat yarışları zamanı Azərbaycan yığmasının gimnastı Marina Nekrasova ilkə imza atıb.
24 yaşlı təmsilçimiz Milli Gimnastika Arenasında keçirilən çıxışı zamanı xalça üzərinə qapalı geyimlə çıxıb. Bununla da Nekrasova rəsmi yarışda xüsusi hazırlanmış dəstlə deyil, belə geyimlə bacarığını nümayiş etdirən ilk gimnast olub.
Qeyd edək ki, Marinanın çıxışı 12,366 xalla qiymətləndirilib. O, artıq xalça üzərinə çıxan gimnastlar arasında 5-ci nəticəyə malikdir.