Aprelin 26-28-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin və gimnastların sayı açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, Milli Gimnastika Arenasında baş tutacaq yarışda 39 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.
Belə ki, 3 gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.
Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyənləşəcək.
Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.