“Formula-1” üzrə dünya çempionatı çərçivəsində 2020-ci ildə keçiriləcək Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər.
ONA-nın “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, gələn il baş tutacaq yarış Bakıda təşkil olunacaq AVRO-2020-nin final mərhələsinin keçirildiyi günlərə təsadüf edə bilər.
Bir müddət öncə yarışın vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlara başlanıldığını açıqlamış nazir bu addımın səbəbini izah edib: “Yenidən “saatları yoxlamaq” lazımdır. Çünki bizi AVRO-2020-nin dörd oyunu gözləyir. Şəhər qismən bağlı olacaq, tədbirlər bir-biri ilə üst-üstə düşəcək. Sadəcə istəməzdik ki, futbol üzrə Avropa çempionatına qədər gələn turistlər narahatçılıq hiss etsinlər. “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ilk ildə olduğu kimi, iyunda keçirilməsini çox istərdik. Bizim ağlımızda tutduğumuz tarix iyunun 28-dir”.
Qeyd edək ki, “Formula-1”in 2020-ci il üçün təqvimi hələ təsdiqlənməyib. Bu üzdən də Azərbaycan Qran-prisinin həmin vaxta keçirilmək ehtimalı qalır. Bakı bu tarixə AVRO-2020-nin dörd görüşünə ev sahibliyi edəcək. 2017-ci ildə iyunda, sonrakı iki ildə isə apreldə “Formula-1”i qəbul edən ölkəmiz yenə mərhələni yayda keçirmək niyyətindədir.