• İDMAN

    17:35 9 aprel 2019

“Barselona” və “Yuventus” 1/4 final mərhələsinə səfərdə start verəcək

Sabah Çempionlar Liqasında 1/4 final mərhələsinin iki oyunu keçiriləcək.

ONA-nın məlumatına görə, bu gün start götürən ilk matçlara sabahkı qarşılaşmalarla yekun vurulacaq.

İngiltərə təmsilçisi “Mançester Yunayted” öz meydanında “Barselona”nı qəbul edəcək. Bu, 1/4 finalın İngiltərədəki üçüncü qarşılaşması olacaq. Belə ki, ilk oyun günündəki görüşlər də bu ölkədə baş tutacaq.

“Old Trafford”a meydan sahibi kimi çıxacaq Ole-Qunnar Sulşerin yetirmələri itkilərlə oynamaq məcburiyyətindədirlər. Erik Beyli, Antonio Valensiya, Aleksis Sançes və Matteo Darmian müxtəlif zədələr üzündən oyunu buraxacaq. Ander Errera və Markus Reşfordun oyundakı iştirakı hələ dəqiq bəlli deyil.

“Barselona” isə Rafinyanın xidmətindən məhrumdur. Usman Dembelenin zədəylə bağlı durumu isə qeyri-müəyyəndir.

Avrokuboklarda dəfələrlə üz-üzə gələn rəqiblərin son dueli 8 il öncə baş tutub. Həmin vaxt finalda 3:1 hesablı qələbə qazanan “Barselona” Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb. Ümumiyyətlə isə əvvəlki 11 oyunda ispaniyalılar 4, ingiltərəlilər 3 dəfə qalib gəliblər.

Günün digər matçı Hollandiyada baş tutacaq. Son üç mövsümün qalibi “Real”ı mübarizədən kənarlaşdıran “Ayaks” İtaliya təmsilçisi “Yuventus”u qəbul edəcək.

Hollandiyalılar zədəli Hassan Bande və cəzalı Nusser Mazraouinin xidmətindən məhrumdur. Turin klubunun itkiləri daha çoxdur. Andrea Bartsalyi və Martin Kaseresin zədə səbəbindən meydana çıxmayacağı dəqiqdir. Duqlas Kosta, Əmrə Can, Mattia Perin və Corco Kyellini isə qeyri-müəyyən durumdadır. “Yuventus”un lideri Kriştianu Ronaldonun isə problemi arxada qoyub meydana çıxacağı gözlənilir.

“Ayaks” üçün “Yuventus” uğursuz rəqibdir. Əvvəlki 12 oyunda italiyalılar 6 qələbə qazanıblarsa, 2 dəfə uduzublar. 1973-cü ildə hollandiyalılar, 23 il sonra isə turinlilər finaldakı qələbə ilə Avropanın ən güclüsü adına yiyələnib. 2009/10 mövsümündəki son dueldə isə “Yuventus” rəqibini Avropa Liqasının 1/16 finalından kənarlaşdırıb – 2:1, 0:0.

Qeyd edək ki, 1/4 finalın bugünkü qarşılaşmalarında “Tottenhem” “Mançester Siti”ni, “Liverpul” (hamısı İngiltərə) “Portu”nu (Portuqaliya) qəbul edəcək.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
10 aprel

23:00. “Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Amsterdam. Yohan Kroyff Arena

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
Mançester. “Old Trafford” stadionu

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR