Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatıb.
Apasport.az saytının məlumatına görə, bu gün turnirin final qarşılaşması keçirilib.
Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyada qızıl medalların sahibi "Bavariya" üz-üzə gəlib. İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, "Bavariya" isə 11-ci dəfə final oyununa çıxıb.
"Marsel", "Reyms", "Sent-Etyen" və "Monako"dan sonra həlledici matça qədər irəliləyən 5-ci Fransa təmsilçisi olan PSJ-nin 1993-cü ildən sonra kuboku adıçəkilən ölkəyə aparmaq istəyi baş tutmayıb. Məhz fransalı futbolçu Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qol finalın taleyini həll edib.
Rəqibini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 7 ildən sonra ilk, ümumilikdə isə 6-cı ÇL kubokunu muzeyinə aparıb. PSJ isə fransızların 27 illik həsrətinə son qoya bilməyib.
Çempionlar Liqası
Final
23 avqust
23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
Qol: Koman, 59
Baş hakim: Daniel Orsato (İtaliya)
Lissabon. "Da Luş" stadionu