Aprelin 5-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin açılış mərasimi keçirilib.
ONA xəbər verir ki, yarışda respublikanın bölgələrində gələn kollektivlərlə birlikdə 32 komanda və 600-ə yaxın tələbə iştirak edib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ali təhsil müəssisələrinin rəhbərləri və digər şəxslər iştirak ediblər.
Firudin Qurbanovun sözlərinə görə, bu yarışın əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyinə, perspektivli idmançıların aşkar edilməsinə və onların ustalardan ibarət komandalara cəlb edilməsinə nail olmaqdır.
Nazir müavini qeyd edib ki, BDU-nun 100 illik yubileyinə həsr olunmuş futzal üzrə respublika birinciliyi genişmiqyaslılığı, mütəşəkkilliyi, eyni zamanda ictimaiyyət tərəfindən maraqla qarşılanması baxımından idman tariximizə yaddaqalan hadisələrdən biri kimi daxil olacaq.
Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.