• İDMAN

    12:16 20 may 2019

Belarus millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə bəzi gedişləri sınaqdan keçirəcəyik”

“Olqa Palçevskaya uzun müddətdir zədəlidir. Təəssüf ki, Anjelika Boriseviç mövsümün gedişində zədə alıb, Olqa Pavlyukovskaya isə hələ də tam bərpa olunmayıb”.

ONA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Belarus milli komandasının baş məşqçisi Pyotr Xilko deyib.

Təcrübəli mütəxəssis vətənində verdiyi açıqlamada Avropa Liqası və yarışa hazırlıq çərçivəsində Azərbaycan yığması ilə keçiriləcək görüşlər ərəfəsində zədəlilərlə bağlı problemin hiss olunmadığını bildirib. Vaxtilə ölkəmizdə “Lokomotiv” və “İqtisadçı” klublarını çalışdıran P.Xilko mayın 21-də və 22-də keçiriləcək yoxlama oyunlarının əhəmiyyətini qeyd edib: “Hesab edirəm ki, zədəlilərin olması bizim hazırlıq prosesinə mane olmur. Bütün voleybolçular istəkli məşq edirlər. Yığmaya çağırılanların hamısı düşərgədədir ki, bu da sevindiricidir. Yalnız Tatyana Markeviçlə Vera Kostyuçik bu gün komandaya qoşulacaq. Onlarda mövsüm bir az gec başa çatıb. Azərbaycanla qarşılaşmalarda komandanın necə oyun nümayiş etdirəcəyini görəcəyik. Bu görüşlərdə üzərində çalışdığımız bəzi gedişləri sınaqdan keçirəcəyik. Yoxlama oyunları voleybolçularımızın nəyə qadir olduğunu göstərəcək. Sonradan bunu analiz edəcəyik və bazar günü baş tutacaq matçlara hazırlaşacağıq”.

Qeyd edək ki, Azərbaycan və Belarus yığmalarının Avropa Liqası çərçivəsindəki oyunu mayın 26-da baş tutacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR