“Çıxış etdiyim turnirləri saymamışam. Amma indi bunu etmək olar. 1999-cu ildən milli komandadayam. Hər il də orta hesabla 4-5 beynəlxalq turnirdə iştirak etmişəm”.
ONA-nın məlumatına görə, bu sözləri kamandan oxatma üzrə Belarus milli komandasının baş məşqçisi Yekaterina Timofeyeva deyib.
2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarına idmançı kimi qatılan belaruslu bu il Minskdə təşkil olunacaq analoji yarışa yeni ampluada çıxacaq. Zədə səbəbindən karyerasını başa vurmaq məcburiyyətində qalan Y.Timofeyeva Azərbaycanda qazandığı gümüş medalla bağlı xatirələrini bölüşüb: “Bakıda keçirilən ilk Avropa Oyunları mini-Olimpiada idi. Biz orada medallar qazandıq. Mən də bununla fəxr edirəm. Məşqlərdə axıtdığım tər və çəkdiyim əmək mükafatlandırılıb. Karyeram ərzində qazandığım medalları evimizdə qutunun içində saxlayıram. Nadir hallarda baxıram. Amma qızım maraqlanır. “Bu nəyə görədir, “Bu hardandır” suallarını verir”.
Y.Timofeyeva Bakı-2015-də qızıl deyil, gümüş qazanmaqlarının səbəbinə də toxunub: “Biz birinci yeri tutmağa yaxın idik. Amma İtaliyanın inanılmaz dərəcədə güclü heyəti vardı. Onların komandası dünya liderlərindən təşkil olunmuşdu. Bizim komandamız çox bərabər çıxış etdi. Anya, Lyona və mən bir-birimizi tamamlayır, vahid komanda təsiri bağışlayırdıq. Dünya çempionatında da bu heyətlə mükafat qazanmışdıq. Həmin heyətimiz nəticə üçün çıxış edirdi və bunu əldə edirdi”.
Qeyd edək ki, Y.Timofeyeva Bakı-2015-də kamandan oxatmanın komanda yarışlarında gümüş medal qazanan Belarusun “üçlüy”ündə Anna Marusayeva və Alyona Tolkaçla birlikdə yer alıb.