Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisinin adına aydınlıq gəlib. ONA-nın qonşu ölkə mətbuatına istinadən məlumatına görə, “ağ-qaralar”ın hazırkı baş məşqçisi Şenol Günəş millidə fəaliyyətə başladıqdan sonra onu rumıniyalı mütəxəssis əvəzləyəcək.
Belə ki, klub prezidenti Fikrət Orman Ş.Günəşin yığmadakı sələfi Mirça Luçesku və onun oğlu Razvan Luçesku ilə danışıqları yekunlaşdırıb. Onlar işlərinə yeni mövsümdən başlayacaqlar.
“Beşiktaş”ın bu mütəxəssislərlə 2 illik müqaviləni rəsmiləşdirəcəyi iddia edilir. Razılaşmaya əsasən, onlar birgə ilinə 2 milyon avro qazanacaqlar. Mirça Luçesku komandada idman direktoru, Razvan Luçesku isə baş məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, istanbullular Razvan Luçeskuya görə müqaviləni rəsmiləşdirməyiblər. Çünki o, hazırda Yunanıstanda PAOK klubunda çalışır və fikrinin işindən yayınmaması üçün anlaşmaya imza atması məqsədəuyğun sayılmayıb.