• İDMAN

    17:00 29 mart 2019

Beynəlxalq Prezident Kuboku Reqatası başa çatıb

Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən akademik, kanoe və kayaq qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku Reqatası başa çatıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, 3 gün davam edən yarış Azərbaycan idmançılarının uğurlu çıxışı ilə yekunlaşıb.

Belə ki, Rusiya və Gürcüstan avarçəkənlərinin də qatıldıqları yarışda bir nəfərlik qayıqda 2000 m məsafədə Tofiq Salahlı, ikinəfərlik qayıqda İbrahim Məmmədquluzadə və Tofiq Salahlı, 4 nəfərlik qayıqda isə Vüsal və Rauf Məmmədovlar, İbrahim Məmmədquluzadə və Tofiq Salahlı reqatanın qalibi adını qazanıblar. Daha bir gərgin mübarizə qoşaavarlı bir nəfərlik qayıqlarda Azərbaycan və Rusiya idmançıları arasında yaşanıb. Millinin üzvü Aleksandr Aleksandrov mübarizəni qələbə ilə başa vurub, onun komanda yoldaşı Bəhman Nəsiri isə gümüş mükafata yiyələnib. Onlarla yanaşı, 23 yaşadək idmançıların mübarizəsində Cavidan Şirinov finiş xəttinə birinci çatıb.

Avarçəkmə üzrə Azərbaycan milli komandasının baş məşqçisi Samir Məmmədov yetirmələrinin çıxışlarından məmnun qaldığını deyib: “İlin ilk beynəlxalq yarışında bu cür nailiyyət təbii ki, sevindiricidir. Gələcək yarışlar üçün bir stimuldur. Bir həftə sonra burada 21 günlük növbəti toplantıya qatılacağıq. Həmçinin Belçikada keçirilən beynəlxalq turnirdə iştirak etmək niyyətimiz vardı. Təəssüf ki, yarışın vaxtı dəyişdirildi və bu bizim hazırlıq proqramımıza uyğun olmadı. Buna baxmayaraq, xaricdə bir neçə toplantımız olacaq və beynəlxalq yarışlarda iştirakımız nəzərdə tutulub. Rusiyada, Ukrayna və Litvada yığmamızı təlim-məşq toplanışları və beynəlxalq yarışlar gözləyir. Ən mötəbəri isə Ukraynada keçirəcək Avropa çempionatıdır”.
Qeyd edək ki, bütün yaş qrupları üzrə Reqatanın qalib və mükafatçıları Kubok, diplom və medallarla təltif olunub.
Ehtiram Muradov

Tahir

Teqlər:

SON XƏBƏRLƏR