Belarusun paytaxtı Minskdə Birlik Ölkələri Oyunlarının əsasnaməsinin layihəsinin işlənilməsi və razılaşdırılması ilə bağlı toplantı başa çatıb.
ONA-nın məlumatına görə, 2 gün davam edən tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın nümayəndələri, həmçinin MDB-nin İcraiyyə Komitəsinin əməkdaşları iştirak ediblər.
Ekspertlərin hazırlayıb razılaşdırdığı əsasnamə layihəsi baxılmaq üçün birliyə üzv olan ölkələrə göndərilib. Layihə MDB hökumət rəhbərlərinin yığıncağının gündəliyinə daxil ediləcək.
Oyunların 2 ildən bir keçirilməsi nəzərdə tutulub. Yarış maksimum 10 gün davam edəcək. İlk yarışın yeri və tarixi turnirin startına ən azı 2 il qalmış müəyyənləşəcək. Əsasnamənin layihəsinə görə Oyunlar növbə ilə MDB ölkələrində keçiriləcək. Ev sahibi rus əlifbasındakı ardıcıllıqla bilinəcək. Lakin MDB ölkələrinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Sazişin iştirakçılarının bədən tərbiyəsi və idman üzrə Şurası yarışın təşkil etmək hüququnu istəyi olanlara növbədənkənar də verəcək.
Qeyd edək ki, MDB ölkələri üçün multiidman turnirinin təşəbbüskarı Rusiyadır. Bu ideya MDB ölkələri rəhbərlərinin ötən ilin sentyabrında Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitində dəstəklənib və Köçərilərin Ümumdünya Oyunları ilə bağlı bəyanatında da əksini tapıb.
Sənəddə Milli İdman Növləri Festivalı əsasında Oyunların təşkili, bura MDB ölkələrində populyarlıq qazanan Olimpiya və qeyri-olimpiya növlərinin də əlavə edilməsi qeyd olunub. Yarışın əsasnaməsinin layihəsi Rusiya İdman Nazirliyi və MDB İcraiyyə Komitəsi tərəfindən hazırlanaraq, tərəfdaşlara göndərilib. Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan sənədi təsdiqləyib. Bu ölkələr layihəni Birliyin daha yüksək orqanlarında müzakirəsini təklif ediblər.