Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.
ONA-nın məlumatına görə, cədvəldə ilin ilk beş ayında baş tutan beynəlxalq oyunlarda ən çox qol vuranlar yer alıblar.
İFFHS-in siyahısına milli komandada və qitə miqyaslı klub turnirlərində ən azı 5 qol vuranlar daxil edilib. Cədvələ Yeni Zelandiyanın “Vellinqton” klubunun futbolçusu Ross Allen başçılıq edir. Klubda 11 qol vuran hücumçu ən yaxın izləyicisini bir top qabaqlayır.
10 dəfə fərqlənən Ali Almoez (Qətər, “Əl-Duhayl”) yığmada 9, klubda 1 qol vurub. Ötən ayla müqayisədə mövqeyini qoruyan bu iki oyunçudan fərqli 3-cü pillənin sahibi isə dəyişib.
Fransa millisinin və İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru Avropa Liqasının Bakıda keçirilən “Arsenal”la final oyununda (4:1) vurduğu qolla hesabını 9-a çatdırıb. O, yığmada 2, klubda 7 dəfə fərqlənib.