Sabah Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
ONA-nın məlumatına görə, ilk finalçı İngiltərədə müəyyənləşəcək.
Liverpulun eyniadlı komandası doğma “Enfild Roud”da İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək. Səfərdəki ilk görüşdə üç cavabsız qol buraxan Yurgen Kloppun yetirmələri möcüzəni reallaşdıraraq final vəsiqə qazanmağa çalışacaq.
Düzdür, son illərdə belə fərqi aradan qaldıranlar olub. Lakin bunu “Barselona”ya qarşı matçda gerçəkləşdirmək o qədər də real görünmür.
Maraqlıdır ki, hər iki komanda finala vəsiqə və kubok sayında eyni göstəriciyə malikdir. 5 dəfə turnirin qalibi olan rəqiblər 8 dəfə finalda oynayıblar. 9-cu finalın astanasında olan “Liverpul” ötən il həlledici görüşdə uduzmuşdu. “Barselona” isə son üç mövsümdə finala qədər irəliləyə bilməyib.
Qeyd edək ki, ikinci finalçının adına mayın 8-də keçiriləcək “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) matçında aydınlıq gələcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. “Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Liverpul. “Enfild Roud” stadionu
İlk oyun – 0:3