• İDMAN

    17:28 15 aprel 2019

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Sabah Çempionlar Liqasında cavab oyunlarına start veriləcək.

ONA-nın məlumatına görə, yarımfinalçıların müəyyənləşdiyi ilk oyun günündə iki matç keçiriləcək.

“Barselona” İspaniyada “Mançester Yunayted”i qəbul edəcək. İngiltərədə keçirilən qarşılaşmada minimal hesabla qalib gələn Kataloniya klubu cavab matçına üstünlüklə çıxacaq.

Qonaqlar isə turnirin favoritlərindən sayılan rəqibini mübarizədən kənarlaşdırmaq əzmindədir. Cari mövsümdə evdə yalnız bir dəfə uduzan “Barselona” “Nou Kamp”dakı son 5 matçında qələbə qazanıb.

Ümumilikdə 18 qarşılaşmadır uduzmayan ispaniyalılar seriyasını davam etdirsə, yarımfinala adlayacaq. “Qırmızı şeytanlar” isə son 6 görüşdən dördündə uduzub.

Digər yarımfinalçı İtaliyada müəyyənləşməlidir. “Yuventus” Hollandiya “Ayaks”ını qəbul edəcək. Amsterdamda hərəyə bir qol vuran komandaların cavab matçında meydan sahiblərini qolsuz heç-heçə də qane edir.

A seriyasının “Spal”la oyununda əsas heyət üzvlərinə istirahət verən “ağ-qaralar” tamamilə “Ayaks”la matça köklənib. Son beş qarşılaşmada iki dəfə uduzan turinlilər A seriyasında çempionluğun bir addımlığında olduğundan qüvvələrini qitənin ən nüfuzlu klub turnirinə yönəldib.

Səfərdə uğurlu çıxış edən “Ayaks” son 6 görüşdən beşində qələbə qazanıb. Hollandiyalılar İtaliya səfərində qalib gələrək yarımfinala yüksəlmək iddiasındadır.

Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 17-də yekun vurulacaq.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel

23:00. “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 1:0

23:00. “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya)
Baş hakim: Klement Turpin (Fransa)
Turin. “Yuventus” stadionu
İlk oyun – 1:1

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR