• İDMAN

    16:47 27 may 2019

Çingiz Hüseynzadə: "l Avropa Oyunlarında qeydə alınan nəticəni Minskdə göstərə bilməyəcəyik"

"Nümayəndə heyətimiz 150 nəfərə yaxındır. Onlardan 80-i atlet, 32-si məşqçi, 15-i inzibati şəxs, 5-i isə tibb işçisidir".

ONA-nın məlumatına görə, bunu Milli Olimpiya Komitəsində Minsk-2019 Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O bildirib ki, ikinci dəfə təşkil olunacaq yarışda Azərbaycan 11 idman növündə qüvvəsini sınayacaq. Ç. Hüseynzadənin sözlərinə görə, bayraqdar üçün bir neçə namizəd var: "Lakin bu, son anda açıqlanacaq. Həmin idmançı ilk gündə yarışacaq idman növlərinin üzvlərindən biri olacaq".

Vitse-prezident bildirib ki, Bakıda l Avropa Oyunlarında qeydə alınan nəticəni Minskdə göstərmək mümkün olmayacaq: "Çünki həmin vaxt bütün növlərdə təmsil olunurduq. Burda isə elə deyil. Ümid edirik ki, medallarımızın sayı kifayət qədər çox olacaq. Güləş, boks, cüdo və karateçilərimizə daha çox inanırıq. Bu yarış Tokio-2020 öncəsi olduğundan Olimpiya komandamızın formalaşması baxımından mühüm rol oynayacaq".

Ç. Hüseynzadə "Minsk-2019"un yarışların keçirilməsi baxımından əla olacağını deyib: "Amma komandanın və rəhbərliyin məskunlaşmasını komfortlu adlandıra bilməyəcəyəm. Bakı-2015-də olan təmtəraq Minskdə olmayacaq".

Minskdə idman obyektlərinin bir-birinə yaxınlığını müsbət dəyərləndirən qurum rəsmisi nəqliyyatla bağlı müəyyən problemlərin mövcudluğundan xəbərdar olduğunu da vurğulayıb.

Ç. Hüseynzadənin sözlərinə görə, Belarusda lll Avropa Oyunlarının ev sahibi də açıqlanacaq: "İki namizəd var. Onlar tam məlumatları təqdim etdikdən sonra ev sahibi Minskdə bilinəcək".

Tahir

Teqlər:

SON XƏBƏRLƏR