Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son iki matç Münhen və Barselonada keçiriləcək.
İlk qarşılaşmada qolsuz heç-heçə edən “Barselona” və “Lion” “Nou Kamp”da üz-üzə gələcək. Qitənin ən nüfuzlu klub turnirinin favoritlərindən olan kataloniyalılar 1/4 finala adlamaq üçün qalib gəlməlidirlər.
Fransa təmsilçisinə isə qollu heç-heçə də qane edir. Rafinyanın zədəli olması, Usman Dembele və Tomas Vermalenin oynayıb-oynamamasının dəqiqləşməməsi də meydan sahiblərinin şanslarına ciddi təsir etmir. Amin Qourinin xidmətindən məhrum qonaqların digər oyunçusu Marselonun durumuna da sabah aydınlıq gələcək.
Günün daha çox maraq kəsb edən matçında “Bavariya” “Liverpul”u qəbul edəcək. Səfərdə qolsuz heç-heçə edən Almaniya klubu Bundesliqada liderliyə yüksəlməklə yaxşı formada olduğunu nümayiş etdirib. Lakin Coşua Kimmixlə Tomas Müllerin cəza, Aryen Robbenlə Korentin Tolissonun zədədən əziyyət çəkməsi münhenlilərin əleyhinədir. Komanın zədədən sonrakı durumu isə hələlik qeyri-müəyyəndir.
Premyer Liqada liderliyi əldən verən “Liverpul”un mövsümün ikinci yarısında əvvəlki kimi əzəmətli görünməməsi heç kimə sirr deyil. Üstəlik, Co Qomes və Aleks Oksleyd-Çemberlen də zədə səbəbindən sabahkı görüşü buraxacaq.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
13 mart
00:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 0:0
00:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)
Münhen. “Alyans Arena”
İlk oyun – 0:0