Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə) qarşılaşması bir sıra statistik məqamlarla əlamətdar olub.
ONA-nın məlumatına görə, 3:0 hesabı ilə qalib gələn meydan sahiblərinin iki qoluna imza atan Lionel Messi Kataloniya klubunun heyətində 600-cü dəfə fərqlənib.
İlk qolunu 2005-ci il mayın 1-də “Albasete” ilə oyunda vuran argentinalı düz 14 il sonra 683-cü matçında “600”ə çatıb.
“Liverpul” isə tarixində ikinci dəfə Çempionlar Liqasında böyükhesablı məğlubiyyət alıb. Bunadək mersisaydlıların darmadağın edən yeganə komanda “Real” idi. İspaniya təmsilçisi 2014-cü ilin oktyabrında qrup mərhələsində üç cavabsız qol vurmuşdu.
Ümumiyyətlə, “Barselona” Çempionlar Liqasının pley-offunda keçirdiyi qarşılaşmalarda məhsuldarlığı ilə seçilir. Komanda son 10 belə oyunun səkkizində 3 və ya daha çox qol vurub.
Baxmayaraq ki, İspaniya nəhəngi “Liverpul”la görüşə “qoca” qismində çıxıb. “Barselona” Çempionlar Liqası tarixində özünün ən yaşlı heyəti ilə oynayıb. Komanda matç günü 29 yaş 210 günlüyündə olub.