• İDMAN

    17:25 11 mart 2019

ÇL: “Mançester Siti” üstünlüyünü qorumağa, “Yuventus” revanş almağa çalışacaq

Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində iki matç keçiriləcək. ONA-nın məlumatına görə, növbəti 1/4 finalçılar Mançester və Turində bəlli olacaq.
İngiltərədə yerli “Mançester Siti” Almaniyanın “Şalke” klubunu qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə 3:2 hesabı ilə qalib gələn Xosep Qvardiolanın yetirmələri cütün favoritidir.
Düzdür, Premyer Liqa təmsilçisi ev oyununu itkilərlə çıxacaq. Zədədən əziyyət çəkən Kevin de Bryuin, Con Stounz və Klaudio Bravonun, həmçinin cəzalılar Nikolas Otamendi ilə Fernandinyonun yoxluğu da meydan sahiblərinə mane olmamalıdır. Almaniya təmsilçisi də səfər matçında itkilərlə mübarizə aparmalıdır. Daniel Kaliqiuri, Omar Maskarell və Alessandro Şopf zədə, Amin Aritlə Mark Ut isə cəza səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.
“Yuventus” isə İtaliyada İspaniya “Atletiko”sunu qəbul edəcək. Madriddə 2:0 hesabı ilə qələbə qazanan La Liqa təmsilçisi üstünlüyünü qorumağa çalışacaq.
A seriyasında böyük fərqlə liderlik edən, bu səbəbdən də bütün diqqətlərini qitənin ən nüfuzlu klub turnirinə yönəldən “ağ-qaralar” isə çətin durumdan çıxmaq üçün ən azı 2 qol vurmalıdır. Son üç mövsümdə “Real”la Çempionlar Liqasını qazanan Kriştianu Ronaldo İspaniyada oynadığı illərdən yaxşı tanıdığı “Atletiko”nun müqavimətini qırmaqda komandasına kömək etməlidir. Cəzalı Aleks Sandro və zədəli Sami Xedira isə turinlilərə yardımçı ola bilməyəcək. Andrea Bartsalyi və Mattia De Şilionun zədədən sonrakı durumu isə oyun günü dəqiqləşəcək. Madrid klubunda da itkilər kifayət qədərdir. Dieqo Kosta və Tomas Partey cəza, Felipe Luis və Lukas Ernandes zədə üzündən İtaliyaya yollanmayacaq.
Qeyd edək ki, cavab oyunlarının ilk həftəsində “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Portu” (Portuqaliya) və “Ayaks” (Hollandiya) 1/4 finala yüksəlmişdi

Çempionlar Liqası
1/8 final
Cavab oyunları
12 mart
00:00. “Mançester Siti” (İngiltərə) – “Şalke” (Almaniya)

Baş hakim: Klement Turpin (Fransa)
Mançester. Şəhər stadionu
İlk oyun – 3:2
00:00. “Yuventus” (İtaliya) – “Atletiko”
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Turin. “Yuventus” stadionu
İlk oyun – 0:2

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR