Sabah Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində iki qarşılaşma baş tutacaq.
Sonuncu yarımfinalçılar İngiltərə və Portuqaliyada müəyyənləşəcək. Böyük Britaniya təmsilçilərinin duelində “Mançester Siti” “Tottenhem”i qəbul edəcək.
Səfərdə minimal hesabla uduzan Pep Qvardiolanın yetirmələri bunun əvəzini çıxmağa çalışacaq.
Lakin meydan sahibləri görüşə itkilərlə çıxa bilər. “Mançester Siti”nin heyətindəki zədəli oyunçulardan Klaudio Bravonun meydana çıxmayacağı dəqiqdirsə, Fernandinyo və Aleksandr Zinçenkonun durumu qeyri-müəyyəndir.
Qonaqların itkisi daha çoxdur. Serj Orye, Erik Dayer, Hari Keyn və Erik Lamelanın heyətdən kənar qalacağı dəqiqdir. Dele Alli və Harri Vinksin durumu isə sabah bilinəcək.
Digər İngiltərə klubu “Liverpul” “Draqao”da “Portu”nun qonağı olacaq. Rəqib meydanında iki top fərqilə uduzan portuqaliyalılar favoritlərdən birini mübarizədən kənarlaşdırmağa çalışacaq. Meydan sahibləri qarşılaşmaya itkisiz çıxacaq. Düzdür, Xesus Manuel Koronanın durumuna hələ tam aydınlıq gəlməyib.
“Liverpul” isə Rayan Brevster və Aleks Oksleyd-Çemberlenin xidmətindən məhrumdur. Co Qomesin matçdakı iştirakı sual altındadır.
Qeyd edək ki, 1/4 finalın cavab oyunlarına bu gün keçiriləcək “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) və “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya) matçları ilə start veriləcək.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Danni Makkelli (Hollandiya)
Portu. “Draqao” stadionu
İlk oyun – 0:2
23:00. “Mançester Siti” (İngiltərə) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Mançester. “Etihad” stadionu
İlk oyun – 0:1