Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan hər iki görüş İngiltərədə baş tutub.
“Liverpul” öz meydanında Portuqaliya təmsilçisi “Portu”nu qəbul edib. Qarşılaşmanın favoriti olan Premyer Liqa təmsilçisi ciddi çətinlik çəkmədən qələbə qazanıb.
Qarşılaşmanın taleyi ilk yarıda həll olunub. “Liverpul” fasiləyədək iki dəfə qonaqların qapısına yol tapıb.
Digər qarşılaşmada iki İngiltərə klubu üz-üzə gəlib. “Tottenhem” yeni stadionunda “Mançester Siti”ni qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Hərçənd matçın əvvəlində qonaqlar erkən qol imkanı qazanıblar. VAR hakimlərinin müdaxiləsi ilə təyin olunan penaltini Serxio Aquero qaçırıb. Oyun meydan sahibləri üçün itki ilə əlamətdar olub. Hari Keyn zədələnərək tibbi personalın köməyi ilə meydanı tərk edib.
Qeyd edək ki, bu cütlərdə cavab görüşləri aprelin 17-də baş tutacaq. 1/4 finalın ilk oyunları çərçivəsində digər iki matç isə aprelin 10-da keçiriləcək. “Mançester Yunayted” (İngiltərə) “Barselona”nı (İspaniya), “Ayaks” (Hollandiya) “Yuventus”u (İtaliya) qəbul edəcək.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
23:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) – 2:0
Qollar: Keyta, 5, Firmino, 26
Baş hakim: Antonio Migel Mateu Lanos (İspaniya)
Liverpul. “Enfild Roud” stadionu
23:00. “Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) – 1:0
Qol: Honq-Min Son, 78
Serxio Aquero 13-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Baş hakim: Byorn Kuypers (Hollandiya)
London. “Tottenhem Hotspur” stadionu