“Bakıya ikinci səfərimdir. Ölkənizə ilk dəfə milli komanda ilə gəlmişdim. Bir də qayıtdığım üçün çox sevinirəm”. ONA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Portuqaliya millisinin sabiq müdafiəçisi Deku deyib.
Paytaxtımızda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı Bakıya gələn ulduz futbolçu Azərbaycan haqda xoş sözlər söyləyib: “İnsanlarız çox qonaqpərvərdir. Federasiyanızın futbolun inkişafı üçün etdiklərini görüb, sevinirəm. Sözsüz ki, mayda Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün də bura gələcəm”.
“Barselona” və “Çelsi”dəki çıxışı ilə azarkeşlərin rəğbətini qazanan Deku səfərləri arasındakı fərqdən də danışıb: “Azərbaycana ilk dəfə oyunçu kimi gəlmişdim. Həmin vaxt şəhəri görmək imkanımız olmamışdı. Sadəcə, otel və stadionu görmüşdüm. Bu dəfə fərqli bir səfər idi. Bakını gəzə bildim və bu, məndə xoş təəssürat yaratdı”.
O, mayın 29-da baş tutacaq Avropa Liqasının finalında London təmsilçisini görmək istədiyini də gizlətməyib: “Ümid edirəm ki, Çelsi finalda olacaq”.