AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida klubunu dəyişə bilər.
ONA-nın məlumatına görə, Türkiyənin “Beşiktaş” klubunda çıxış edən 29 yaşlı müdafiəçinin yay “transfer pəncərəsi”ndə “Böyük beşlik” təmsilçilərindən birinə keçməsi gündəmdədir.
D.Vida İtaliyanın “Roma” və “Latsio”, İspaniyanın “Sevilya” klublarının maraq dairəsindədir. İstanbul klubu futbolçunu 15 milyon avroya buraxmağa razılıq verib.
Romanın eyniadlı təmsilçisi qış transfer dövründə də xorvatiyalını heyətinə qatmağa cəhd etmişdi. Lakin həmin vaxt iki klub arasında razılıq əldə olunmamışdı.
Qeyd edək ki, 2018-ci ilin yanvarında Ukrayna “Dinamo”su ilə anlaşması sona çatdığı üçün azad agent statusu ilə “Beşiktaş”a keçən müdafiəçinin Türkiyə təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.