Dünya Taekvondo Federasiyası Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəlini açıqlayıb.
ONA-nın məlumatına görə, Olimpiada və Qran-pri üçün lisenziya verən siyahı yığmamızın üzvləri üçün uğurlu alınıb.
Belə ki, Azərbaycan millisinin taekvondoçularından Cavad Ağayev (68 kq) 8 pillə irəliləməklə, “30-luğ”a daxil olub. Hollandiya və Belçikada keçirilən reytinq xarakterli yarışlarda çempion titulunu qazanan həmyerlimiz 132,96 xalla 30-cudur. Bu yarışlarda fərqlənən Ayxan Tağızadə də 1 rəqibini qabaqlayıb. C. Ağayevlə eyni çəkidə mübarizə aparan Avropa Oyunlarının qalibi 26-cı yerə yüksəlib. Onun aktivində 136,37 xalı var.
İdmançılarımızdan ən yaxşı nəticə Milad Harçeqaniyə məxsusdur. 80 kq çəki dərəcəsində yarışan dünya çempionumuz 374,09 xalla yenə cədvəldə 3-cüdür.
Fəridə Əzizova (67 kq) da irəliləyənlər sırasındadır. O, 18-ci yerə qalxmaqla, xalının sayını 151,87-yə çatdırıb.
Bu taekvondoçulardan fərqli, Olimpiya çempionumuz Radik İsayevlə (+80 kq) Patimat Abakarova (49 kq) hərəyə 1, Dünya Kubokunun qalibi Məhəmməd Məmmədov (68 kq) 5 pillə geriləyib. Onlar müvafiq olaraq, 4-cü (318,68), 21-ci (145,60) və 31-ci (132,63) yerdədirlər.
Qeyd edək ki, reytinqə əsasən “altılıq” Olimpiadaya, “otuz ikilik” Qran-priyə lisenziya qazanıb.