“Dünya çempionatına yüksək səviyyədə hazırlaşırıq. Bir ay öncə yarışdan qayıtmışıq. Komanda yaxşı formadadır”.
Bunu ONA-ya Azərbaycan millisinin taekvondoçusu Milad Beiqi Harçeqani deyib.
80 kq çəki dərəcəsində mübarizə aparan idmançı mayın 15-19-da Mançesterdə keçiriləcək dünya çempionatına iddialı yollanır. O bildirib ki, əsas məqsədi iki il öncə Mujuda qazandığı qızıl medalı əldə etməkdir: “İnanırıq ki, dünya çempionatında yaxşı nəticə göstərəcəyik. Mən də yenidən qızıl medal almaq, titulumu qorumaq üçün əlimdən gələni edəcəyəm. Artıq hər ölkədə güclü taekvondoçular var. Onlar sırasında Fil Dişi Sahilindən, Rusiyadan, Polşadan olan rəqiblərimin adını çəkə bilərəm”.
Dünya çempionumuz çempionluq üçün rəqiblərin və ya püşkün fərqi olmadığını da deyib. Onun sözlərinə görə, Mançesterdə tək ona deyil, bütün komandaya ümidlər böyükdür: “Yığmada hər bir taekvondoçu yaxşı formadadır. Heyətimizdə gənclər də yer alıb. Onlara da inanırıq. Bir sözlə, mundiala çox yaxşı hazırlaşmışıq”.
Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatında 8 kişi, 2 qadın taekvondoçu ilə təmsil olunacaq.