• İDMAN

    12:42 7 may 2019

Elnur Amanov: “Radik İsayev və Milad Beiqi Harçeqaninin yenidən dünya çempionu olmaq şansları yüksəkdir” - MÜSAHİBƏ

Mayın 15-19-da Birləşmiş Krallığın Mançester şəhərində taekvondo üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan yığması yarışa 10 idmançı ilə qatılacaq.

Qadın taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elnur Amanov ONA-ya müsahibəsində həm yetirmələrinin, həm də kişilərdən ibarət komandanın hazırkı durumu barədə danışıb, onların şanslarını dəyərləndirib.

- Dünya çempionatının startına təxminən 1 həftə vaxt qalıb. Komandanın hazırlığı hansı səviyyədədir?
- Hazırlıqlara yanvardan başlamışıq. Azərbaycan çempionatından sonra kişilərdən ibarət komandaya yeni 4 idmançı cəlb etmişdik. İlk yarışımız Türkiyədə keçirilən 2 beynəlxalq turnir oldu. Hər dəfə idmançılarımızı sınadıq. Ardınca Hollandiya, Belçika və Ukraynada da beynəlxalq turnirlərə qatıldıq. Bu yarışların yekununa əsasən dünya çempionatı üçün millinin heyətini formalaşdırdıq. Hazırda son məşqlərimizi keçirik. Mayın 11-də səhər saatlarında 8 kişi və 2 qadın taekvondoçu ilə dünya çempionatına yola düşəcəyik.

- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Hər dəfə olduğu kimi, hədəfimiz dünya çempionatından yaxşı nəticələrlə dönməkdir. Çalışacağıq ki, yenə vətənə qızıl medalla qayıdaq.

- Taekvondoçularımız son iki dünya çempionatında qızıl medal qazanıblar. Bu uğurlu seriyanı davam etdirmək mümkün olacaqmı?
- Məqsədimiz bu seriyanı davam etdirməkdir. Son iki dünya çempionatında qazandığımız qızıl medalı bu dəfə də əldə edib, uğurun davamını planlaşdırırıq. Komandamızda yeni adlar da var. Onlardan da uğurlu çıxış gözləyirik. Bəhlul Quluzadə, Cavad Ağayev aşağı yaş qruplarındakı nailiyyətlərini burda da təkrarlamaq gücündədirlər. Amma gəncdirlər. Ola bilsin, təcrübələrinin az olması çətinlik yarada bilər. Ancaq yaxşı döyüşəcəklərinə inanıram.

- Qadınlardan ibarət yığmamız kolleksiyasında “qızıl” yoxdur. Bu dəfə tilsimi qırmaq mümkündürmü?
- Ola bilər. Həm Patimat Abakarova, həm də Fəridə Əzizova təcrübəlidir. Avropa çempionatında, Olimpiadada medal qazanıblar. Burda da onlardan nəticə gözləyirik. Medala gəldikdə, bu “qızıl” da ola bilər, “gümüş” də. Onların da fəxri kürsüyə qalxmaq üçün əllərindən gələni edəcəklərinə inanıram.

- Bəs qadınlardan ibarət yığmamızın mundiala kiçik heyətlə getməsi nə ilə bağlıdır? Tokio-2020-yə də lisenziya ümidlərimizin məhz onlar olduğunu demək olarmı?
- Azərbaycan çempionatından sonra yığmaya 8 xanım taekvondoçu cəlb etmişdik. Amma turnirlərdə onları yoxladıq, hazırlıqları lazımı səviyyədə deyildi. Dünya çempionatında da istəyirik ki, hər bir azərbaycanlı taekvondoçu yaxşı döyüş göstərsin. Uduzsa belə, layiqli çıxışı ilə fərqlənsin.

- Bəs heyətdə əsas favoritləriniz kimlərdir?
- Mançesterə yollanacaq 10 taekvondoçunun hər birinə inanıram. Medal gözləyirəm, amma dünya çempionluğu bir qədər çətindir. Bunun üçün 6-7 döyüşdə qalib gəlmək lazımdır.

- Konkret kimi fərqləndirərdiniz?
- Daha çox komandamızın liderləri – Radik İsayev, Milad Beiqi Harçeqaninin yenidən dünya çempionu olmaq şansları digərləri ilə müqayisədə yüksəkdir. Onlar çox təcrübəlidirlər. Komandada Ramin Əzizova da bu gün ümidlər böyükdür.

- O, əvvəlki formasını yığıbmı?
- Bəli. Bu gün çox yaxşı formadadır.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR