• İDMAN

    10:27 29 aprel 2019

Elxan Məmmədov: “Avropa Liqasında ingilis finalı olsa, tək pivə satışından bütün xərclərimizi çıxaracağıq”

“Şəxsən mən Bakıda ingilis-alman finalının olmasını arzulayıram”.

ONA-nın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı fikirlərini açıqlayıb. O, ingilis klubunu Bakıda görmək arzusunu belə əsaslandırıb: “Bilirsiz ki, DÇ-1966-nın həlledici oyunu ilə bizim birbaşa bağlılığımız var. Həmin finalın hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Tarixdən bildiyiniz kimi, o da ingilislərə yeganə dünya çempionluğunu qazandırıb. Düşünürəm ki, ingilislər də bunu xatırlayır. İngiltərəli azarkeşlər üçün xüsusi Tofiq Bəhramov guşəsi hazırlayacağıq. Onları hakimin abidəsinin yanına da aparacağıq”.

E. Məmmədov azərbaycanlı azarkeşlər üçün finala 15 min biletin ayrıldığını da açıqlayıb: “UEFA martda biletlərin onlayn satışına başladıqda dərhal 21 mini öz sahibini tapdı. İnsanlar Bakıya gəlmək üçün biletlər alırdılar. UEFA ilə razılığa görə 15 min bilet Azərbaycan azarkeşlərinə satılacaq. Hərəyə 10 min bilet finalçı komandaların payına düşəcək. Əminəm ki, stadion dolacaq və kulisdə futbol bayramı yaşayacağıq. Əlbəttə, finalda ingilisləri görmək iqtisadi baxımdan da sərfəlidir. Tək pivə satışından bütün xərclərimizi çıxaracağıq”.

Baş katib Rusiya mətbuatına müsahibəsində AVRO-2020-nin oyunları barədə danışmağın tez olduğunu deyib: “Həmin bayram daha uzun sürəcək. Azərbaycan final mərhələsinə yüksəlməsə, 1/4 finalda Rusiya yığmasını gözləyəcəyik”.

O, “Formula-1” üzrə Azərbaycan Qran-prisi və AVRO-2020-nin eyni vaxtda keçirilmək ideyasına da münasibət bildirib: “Çox çətin məqamdır. Çünki burda tam fərqli azarkeşlərdir. Hələ avtomobil yarışlarının təqvimi yoxdur. Gərək elə olsun ki, hər hansı bir münaqişə yaşanmasın”.

E. Məmmədov yığmamızın inkişafı üçün təmsilçilərimiz legioner həyatı yaşamasının vacibliyindən də danışıb: “Futbolumuzun problemi ondadır ki, oyunçularımız evdən kənara getmək istəmirlər. Hava yaxşıdır, hər şey xoşlarına gəlir və ona görə də getmirlər. İnkişaf etmək üçün isə xaricə getmək lazımdır”.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR