• İDMAN

    10:48 4 mart 2019

Elxan Məmmədov: “Azərbaycanda uşaq futbolunun olmadığını deyənlər futboldan uzaq insanlardır”

"Ötən il Millətlər Liqasında ümidlərimiz çox idi. Bəzi oyunlarda şans, bəzilərində əzmkarlıq çatmadı. Nəticədə qrupda ikinci yeri tutduq. Ancaq ruhdan düşmək olmaz. Milli komandamız çalışmalıdır ki, azarkeşləri sevindirsin". ONA-nın məlumatına görə, bunu AFFA-nın növbəti Hesabat Konfransında çıxış edən baş katib Elxan Məmmədov deyib.

O bildirib ki, ötən yaddaqalan olub: "Rəsmi liqaların, milli komandaların oyunların sayı ildən-ilə artır. Futbol ayrı bir dünyadır, 11 nəfərdən ibarət idman növü deyil. Ötən ilin əsas prioritetlərimizdən biri yaratdığımız liqaları stabil səviyyədə saxlamaq idi. Deyirdilər ki, Azərbaycanda uşaq futbolu yoxdur. Bunu deyənlər futboldan uzaq insanlardır. Ancaq həftədə 245 oyun təşkil edilir. Bu liqaları təşkil etməklə sosial məsuliyyət daşıyırıq. Sağlam həyat tərzinin geniş vüsət almasına şərait yaradırıq”.

E.Məmmədov problemlərin olduğunu və bunu hər dəfə kollektiv şəkildə müzakirə etdiklərini də deyib: “Bu, böyük futboldur. Bütün problemləri həll etmək nə asandır, nə də mümkün. Aşağı yaş qruplarında ümidverici futbolumuz var. U-17, U-19 yığmalarımız iki ildən bir elit-raunda vəsiqə qazanır. Lakin futbolçu 18 yaşa çatanda peşəkar müqavilə imzalayan kimi, futbola az məsuliyyətlə yanaşırlar. Burda məşqçilərin öhdəsinə böyük iş düşür. Onlar uşağa futbol etikasını, davranışı öyrətməlidir. Buna görə də, son 11 ildə məşqçilər üçün 83 kurs təşkil etmişik. UEFA ilə birlikdə yaratdığımız təhsil proqramı yararlıdır. Məşqçilərimiz dayanmamalı, çalışmalıdırlar".

Baş katib Premyer Liqada 8 komandanın iştirakına da toxunub. Onun sözlərinə görə, bu məsələ hər dəfə müzakirə olunur: “Bu gün 8 komandalı çempionat gedir, autsayder liderdən xal ala bilir. "Qarabağ" hər mövsüm avrokubokun qrup mərhələsində iştirak edir. Biz də istəyirik ki, 10 komanda olsun. Amma güclü, maliyyə mənbəyi yüksək olsun. Klublarımızla sıx əməkdaşlıq edirik və tələb edirik ki, AFFA kimi maliyyə hesabatları şəffaf olsun. Bu gün Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdır. Bunun 25 faizi zəmanət olmalıdır. Bununla Azərbaycan futbolunu sığortalayırıq. Əvvəlki illərdə klublarımızın maliyyə problemi olub. Amma zəmanət məşqçilərin, futbolçuların maaşlarını sığortalayır".

Məmmədov Avropa Liqasının finalı barədə də danışıb: "Bütün dövlət orqanları ilə əməkdaşlıq edilir. Böyük oyun olacaq. 3 gündən sonra biletlərin satışı UEFA tərəfindən başlayacaq. Dekabrda UEFA 1500 VİP bilet satışa çıxardı. Onların qiyməti 890 avrodur ki, təxminən 1700 manat edir. Həmin biletlər iki həftə ərzində satıldı. Azərbaycan daxilində cəmi 19 bilet alındı. 20 min azarkeş xarici ölkələrdən gələcəyini gözləyirik. Azarkeşlərə demək istəyirəm ki, martın 7-dən biletləri ala bilərlər. Dünən də gözəl futbol şousu təşkil olundu və orda ölkə başçısı İlham Əliyevə Avropa Liqasının kuboku təqdim edildi".

Elxan Məmmədovun çıxışından sonra Portuqaliyanın əfsanəvi futbolçusu Deko Avropa Liqasının kubokunu zala gətirib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR