AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə danışıqlar aparacaq. ONA-nın məlumatına görə, qurum rəsmisi apreldə baş tutacaq görüşün təfərrüatlarını açıqlayıb.
O bildirib ki, UEFA ilə bu barədə müzakirə aparılıb, onların da nümayəndəsi burda olacaq: “Yerli və xarici şirkətləri həmin iclasa dəvət edəcəyik. Vergilər Nazirliyi yeni qaydalara görə, güzəştlər tətbiq edib. Buna görə də, iş adamlarını futbola cəlb etmək istəyirik. Mənfəətdən 10 faiz futbola sərf edən vergidən azad olacaq. Bu dəyişiklik əlavə motivasiya olmalıdır”.
E.Məmmədov keçirdiyi mətbuat konfransında bir müddət öncə "Kəpəz"də maliyyə ilə bağlı problemlərin olması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Maliyyə problemi yoxdur. Ödənişlərdə gecikmələr oldu. Rəhbərlik dəyişdiyi üçün sənədləşdirmə prosesləri oldu. Əvvəlki rəhbərliyin imza hüququ var idi. İcra Hakimiyyəti ilə danışmışıq, növbəti mövsüm üçün dəyişikliklər tətbiq olacaq”.