“Azərbaycan çempionatının səviyyəsi birmənalı şəkildə vaxtı ilə oynadığım Rusiya və Portuqaliyadan geri qalır. Amma o qədər də zəif deyil”. ONA-nın məlumatına görə, bunu Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.
27 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqasının səviyyəsi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, çempionluq yolunda yalnız bir rəqibləri var: “Biz hər il Avropa Liqasının qrupunda oynayan, ötən mövsüm isə Çempionlar Liqasında qrupa düşən “Qarabağ”la rəqabət aparırıq. Düşünürəm ki, əsas mübarizə də bu komandalar arasında gedəcək. Yolumuzdakı hər matç çox çətin olacaq”.
E.Mahmudov Rusiyanın “news.ru” portalına müsahibəsində “Neftçi” və “Qarabağ”ın Rusiya Premyer Liqasında çıxış edəcəyi halda hansı nəticəni göstərə biləcəyindən də danışıb: “Hesab edirəm ki, “Neftçi” ilə “Qarabağ” Rusiya Premyer Liqasında ikinci “səkkizlik”də yer alardı. Bir oyunda hansısa komandaya qalib gəlmək olar. Amma ümumilikdə Rusiya futbolu daha güclüdür. Orda pul çoxdur. Deməli, legionerlər də daha səviyyəlidirlər”.
“Neftçi”nin vitse-kapitanı Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki qrupunu dəyərləndirib. O, Xorvatiya, Slovakiya, Uels və Macarıstanla görüşlərin asan olmayacağını qeyd edib: “Aydındır ki, qrupumuz çox çətindir. Amma mənə elə gəlir ki, püşkün istənilən nəticəsində favorit biz olmayacaqdıq. Sadəcə, hər oyuna çıxıb döyüşmək, xal toplamaq, turnir cədvəlində irəliləmək lazımdır. Mən başqa yol görmürəm”.