Gənclər və İdman Nazirliyində (GİN) İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş Avropa çempionatında medal qazanan karateçilərlə görüş keçirilib.
ONA-nın məlumatına görə, yığıncaqda GİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Karate Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar Rafael Ağayev, Asiman Qurbanlı və Sahib Əhədov iştirak edib.
Tədbiri giriş sözü ilə açan F.Mansurov karateçiləri təbrik edib: "Bu yarışda ilk "altılığ"a düşənlər ll Avropa Oyunlarına lisenziya xalı qazanıblar. Bildiyiniz kimi, karatedə rəqabət getdikcə artır. Bu da idman növünün Olimpiya proqramına daxil edilməsi ilə əlaqədardır. Onların uğurları bizi sevindirir. Hər kəs özünü Rafael Ağayevə oxşatmaq, onun nəticələrinə nail olmaq istəyir. Bu gün karateçilərin nəticələri qənaətbəxşdir. Əsas hədəf Yay Olimpiya Oyunlarıdır".
Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Olimpiadaya lisenziya şanslarımızı dəyərləndirib. O bildirib ki, idmançılarımız artıq lisenziya xalları yığmağa başlayıblar: "İnanıram ki, Rafael Ağayev təkcə lisenziya deyil, Olimpiadada medal da qazanacaq. Əfsanəvi idmançıdır. Fikrimcə, himnimizi səsləndirəcək. İrina Zaretskanın da şansları yüksək qiymətləndirilir. Əsas məqsəd lisenziya xalı verən yarışlarda özümüzü göstərəcək. Son olaraq Bakıda - Milli Gimnastika Arenasında Avropa çempionatı keçiriləcək. Bütün dünyanın gözü burada olacaq. Bir sözlə, yığmanın bütün üzvləri lisenziya qazanmağa iddialıdır. Ümid edirik ki, 4 vəsiqə götürsək, çox böyük nəticə olacaq. Buna inanırıq".
Asiman Qurbanlı da Tokio-2020-dəki şanslarını dəyərləndirib: "84 kq-dan yuxarı çəkidə döyüşəndən bəri zədələndim, əməliyyat olundum. Bu məqam məni bir az geri saldı. Çox əziyyətlər çəkirdim. Lakin son yarışlarda özümü toparladım və Avropa çempionatında üçüncü oldum. Bu, məni daha da stimullaşdırır. Gələcək yarışlarda da özümü göstərmək, lisenziya qazanmaq istəyirəm".
Rafael Ağayev isə bildirib ki, hazırda əsas məqsədi Avropa Oyunlarında ikinci dəfə qızıl medal almaqdır.
Federasiya rəhbəri yığmanın kumitedə yeni baş məşqçisi Bahəddin Kandazın komandaya nə dərəcə faydalı olmasına da toxunub: "İngiltərə və Azərbaycan yığması arasında seçim edərkən bizə üstünlük verib. O, təcrübəli mütəxəssisdir, bizə fayda verir. Yerli məşqçilər də zəif deyil. Rafael Ağayev istəsə, özü də məşq keçə bilər".
Qeyd edək ki, Avropa çempionatında fərdi kumite yarışlarında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) bürünc medala sahib olub. Daha bir bürünc mükafatı katada Roman Heydərov qazanıb. Sahib Əhədov isə parakarateçilərin yarışında Avropa çempionu tituluna yiyələnib.