• İDMAN

    14:05 7 may 2019

Fəridə Əzizova: “Çalışacağam ki, Mançesterdən dünya çempionu kimi qayıdım”

“Son məşqlərimizi keçirik. Hazırlığın son mərhələsindəyik”.

Bunu ONA-ya Azərbaycan millisinin taekdondoçusu Fəridə Əzizova deyib.

Mayın 15-19-da Mançesterdə keçiriləcək dünya çempionatına hazırlaşan idmançı yarışla bağlı hədəflərini açıqlayıb. 67 kq çəki dərəcəsində dayanqa çıxacaq F.Əzizova bildirib ki, əsas məqsədi fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdır: “Mundialdan gözləntilərimiz böyükdür. Çalışacağıq ki, Vətənə daha çox medalla qayıdaq. Bayrağımızı ucaldıb, himnimizi səsləndirmək istəyirik. Düzdür, bir sıra yarışlardan kənar qaldığımız üçün reytinqimiz aşağı düşüb. Amma dünya çempionatında var gücümüzlə döyüşüb, Azərbaycana medal qazandırmağı hədəfləmişik. Bununla həm də reytinq xallarımızı artıracağıq. Çətin olsa belə medalla qayıtmağa çalışacam”.

Taekvondoçumuz heç bir rəqibdən çəkinmədiyini də deyib: “Asiyadan koreyalı, Şimali Amerikadan meksikalı, Avropadan türkiyəli, ingiltərəli rəqiblər reytinqdə ilk “beşlik”də qərarlaşıblar. Amma buna baxmayaraq, hamısına qalib gəlmək üçün dayanqa çıxacam. Məğlubedilməz rəqib yoxdur. Sadəcə özünə inanmaq və formada olmaq lazımdır. Hazırda yaxşı formadayam. Çalışacağam ki, Mançesterdən dünya çempionu kimi qayıdım. Alınmasa belə, ən azı medalla dönməyi hədəfləmişəm”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 10 taekvondoçu ilə təmsil olunacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR