"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin favoriti açıqlanıb.
ONA-nın məlumatına görə, mövsümə uğurlu başlayaraq ikinci sırada qərarlaşan “Ferrari” komandası aprelin 26-28-də Bakıda təşkil olunacaq yarışda əsas favorit sayılır.
Bu qənaətə avtomobil idmanı üzrə yarışları işıqlandıran “gpfans” portalının ekspertləri gəlib. Onlar iddia edir ki, Sebastyan Fettel və Çarlz Leklerkin idarə etdiyi “Ferrari”lərin ən böyük üstünlüyü dövrənin düz yollarındadır.
Qarşıdakı iki mərhələ isə ən uzun düz xəttə malik Çin və Azərbaycan mərhələləridir. Bakıdakı tras ümumiyyətlə bu göstəricidə birincidir. Bu, hər iki mərhələdə “Ferrari”nin hegemonluq edəcəyini proqnozlaşdırmağa əsas verir. Çünki komanda hər dövrənin düz yolunda yarım saniyəlik üstünlük qazanır və döngələrdə bunun əldən verilməsi inandırıcı sayılmır.
Digər komandalar “Ferrari”nin bu üstünlüyünün sirrini axtarmaqdadır. “Red Bull”un rəhbəri Kristian Horner isə qeyri-adi iddia irəli sürüb. O bildirib ki, liderin istifadə etdiyi yanacaq qreypfruit şirəsinin qoxusunu verir.
Qeyd edək ki, mövsümün ilk iki mərhələsindən sonra “Mersedes” 87 xalla 1-cidirsə, “Ferrari” 48, “Red Bull”un 31 xalı var.