“Formula-1” üzrə Azərbaycan Qran-prisinə alınan bilet vauçerlərinin əsli ilə dəyişdirilməsi prosesinə başlanılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ONA-ya verilən məlumata görə, tamaşaçılar bu gündən etibarən şəhərin kassalarında bilet vauçerlərini əsli ilə dəyişə bilərlər. Bu proses aprelin 28-i - yarış başlayanadək davam edəcək.
Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.
Onlayn alınan bilet vauçerləri 2019 “Formula-1” Azərbaycan Qran-prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.
Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda, kassaların önündə uzun növbələr yarana bilər.