• İDMAN

    12:21 25 aprel 2019

“Formula-1”: Azərbaycan Qran-prisinin favoritləri kimlərdir?

“Formula-1” şirkətinin rəsmi saytı SOCAR Azərbaycan Qran-prisinin favoritləri haqqında geniş məqalə dərc edib.

ONA-nın məlumatına görə, yazıda aprelin 28-də keçiriləcək yarışın favoritləri, kimin nə qədər xal toplaya biləcəyi və bu kimi maraqlı məqamlar yer alıb.

“Formula-1” SOCAR Azərbaycan Qran-prisinin favoritləri
Məqalədə bildirilir ki, bu həftə “Formula-1” yüksək sürətli şəhər treki olan Bakı Şəhər Halqasına qayıdır. İndiyədək burada keçirilmiş üç yarış “Formula-1” tarixində proqnozlaşdırılması çətin və ən xaotik yarışlardan olub. Buna baxmayaraq, biz yenə də builki yarışın nəticələrinə dair bəzi təxminlər edə bilərik...

Bu il poulu kim qazana bilər?
İndiyədək Bakıda 3 dəfə poul qazanılıb və hər dəfəsində buna fərqli pilot yiyələnib. İlk yarışda – 2016-cı ildə Niko Rosberq, 2017-ci ildə Luis Hamilton və 2018-ci ildə Sebastyan Fettel sıralanma turunda ən sürətli nəticə göstərərək, yarışa ən öndə start verib.

Bu il Hamilton və ya Fettel buna yiyələnsə, bizim üçün sürpriz olmayacaq. Bu arada onu qeyd edək ki, Fettel Bakıda indiyədək keçirilmiş hər üç Qran-pridə qriddə yarışa ilk “dördlük”dən başlamış yeganə pilotdur. Digər tərəfdən, “Honda” bu həftə Bakıya daxili yanma mühərrikində bəzi dəyişikliklərlə gəlir və bu da Maks Ferstappenin ilk poul arzusuna çatmasına köməklik göstərəcək.

“Mercedes”in digər pilotu Valteri Bottas cari mövsümün ən sonuncu yarışı olan Çin Qran-prisində poula yiyələndi və bu baxımdan Bakıya yüksək əhval-ruhiyyədə gəlir. Valteri Bottas “Mercedes” komandasının sürücüsü kimi Bakıda mübarizə apardığı hər iki Qran-pridə yarışa ilk “üçlük”də start verib. Finlandiyalı sürücü bu həftə karyerasının 2-ci poulunu əldə edə biləcəkmi?

Qələbə üçün kimin şansı çoxdur?
Yazıda Bakıda üç mərhələ və hər yarışda da fərqli qalib olduğu vurğulanır. Qeyd edilir ki, onlardan sadəcə biri bu bazar keçiriləcək yarışın favoritlərindən sayılır. Qaliblərdən Rosberq 2016-cı ildə Avropa Qran-prisində qələbə qazandıqdan sonra həmin mövsümün sonunda karyerasına son verdi. Buna görə onu bu siyahıdan çıxarda bilərik. 2017-ci ildəki Azərbaycan Qran -prisinin qalibi Daniel Rikkardo yarışa 10-cu yerdə başlamışdı və hazırda “Reno” komandasında bunu təkrarlaması imkansız görünür. Ötən ilki yarışın qalibi Luis Hamilton ondan əvvəlki iki yarışda 5-ci yerdən daha yaxşı nəticədə yarışı başa vura bilməmişdi.

Yazar tövsiyə edir ki, bu həftəsonu Valteri Bottas və Şarl Lekleri xüsusi diqqətlə izləyin. Lekler Bakıya yaxşı formada gəlib. Xatırlayın, 2017-ci ildəki “Formula-2” yarışından bir neçə gün əvvəl atasının ölməsinə baxmayaraq, qələbə qazanmışdı. Ötən ilki Azərbaycan Qran-prisində isə o, “Formula-1”dəki ilk çıxışında “Sauber” pilotu olaraq yarışı 6-cı yerdə başa vurmuşdu. “Ferrari”nin düzlüklərdəki yüksək sürəti və döngələrdəki inkişaf etmiş performansı Lekleri bu həftənin favoritlərindən biri edir.

Hamilton ötən il Bakıda keçirilən Qran-pridə yarışın sonlarına doğru Bottasın bolidinin təkərinin deşilməsindən sonra qələbəyə yiyələnə bilmişdi. Keçən ilki yarışı Bottas 1-ci yerdə
bitirsəydi, həmin mövsümün ilk qələbəsinə yiyələnəcəkdi. Deməli, bu il Bottas Bakıya daha böyük qələbə arzusu ilə gəlir.

“Red Bull”a gəlincə, ötən il bu komandanın pilotları Daniel Rikkardo və Maks Ferstappen ən uzun sürətlənmə düzlüyünün sonunda döngəyə yaxınlaşarkən toqquşdular və hər ikisi yarışı başa vura bilmədi. Bu hadisədə komanda hər iki pilotu oxşar dərəcədə günahkar saydı. Bu həftə Bakıda baş tutacaq “Formula-1” yarışı “Red Bull”un bu mövsümdə indiyədək qələbə qazana bilmək şansı ən yüksək olan Qran-pri yarışıdır.

Podiuma ən yaxın kimdir?
Yazıda Serxio Peresin adı xüsusi vurğulanır. Qeyd edilir ki, əslində o, podiumdan çox az yarışda kənarda qalır. Bakıda indiyədək keçirilmiş 3 yarışda meksikalı pilot iki dəfə (2016 və 2018) fəxri kürsüyə qalxıb və bu göstərici ilə o, Bakıdakı yarışlarda ən çox podium qazanmış “Formula-1” pilotudur. Peresin “Recing Point”dəki yeni komanda yoldaşı Lans Stroll da 2017-ci ildə Bakıda podiuma çıxa bilib. Onlar komandada bir-biri ilə çox yaxşı anlaşırlar və bu onların 2019-cu ildə podium naminə əməkdaşlığına uğurlu təsir göstərəcək.

Digər komandalar da həvəsləndirilməlidirlər. Ona görə ki, Bakıda keçirilmiş ilk yarış – 2016 “Formula-1” Avropa Qran-pirisindən bu yana baş tutmuş 58 yarışın sadəcə üçündə “Ferrari”, “Red Bull” və “Mercedes” xaricindəki komandaların pilotları podiuma çıxa bilib və məhz bunlar da sırf Bakıda reallaşıb.

Bundan daha maraqlısı odur ki, indiyədək mükafat qazanmış 9 pilotdan beşi yarışa ilk “beşlik”də start verməyib. Builki dəyişikliklərin DRS-ə olan güclü təsiri pilotlara “Neftçilər” prospektindəki 2,2 km-lik sürətlənmə düzlüyündən daha yaxşı yararlanmağa köməklik göstərəcək. Nəticədə builki Azərbaycan Qran-prisi orta səviyyədə olan komandalar üçün də podiuma çıxmaq imkanı yaradır.

Məqalədə o da qeyd edilir ki, Bakı Şəhər Halqası son iki mövsüm ərzində ötmələr baxımından “Formula-1” təqvimində yer alan treklər arasında ən yüksək göstəriciyə sahibdir. Bu göstərici 2017-ci ildə 42, 2018-ci ildə 50 dəfə olub. 2016-cı ildəki ilk yarışda mövsümün ən çox ötmələrə ev sahibliyi etdiyi trek olmasa da, 62 ötmə ilə həmin mövsümün qabaqcıllarından olub.

Kimlər yarışdan xal qopara biləcək?
Adətən bu məqamda Niko Hülkenberq yada düşür, lakin bu dəfə istisna təşkil edə bilər. Azərbaycandakı son iki yarışda almaniyalı pilot bolidini iki dəfə divara vurub. Hər dəfəsində də bu, onun yarışı 5-ci sırada başa vurması ilə nəticələnib. Bu baxımdan Nikodan da mərcə girməyə dəyər.

Onun komanda yoldaşı Daniel Rikkardo Bakıda ötən il keçirilmiş Qran-prinin qalibidir və o, həmin mövsüm ərzində xeyli xal yığa bilmişdi. Bundan başqa, Karlos Saynsın da bu həftəsonu xal qazanmaq şansı var. İspaniyalı pilot son iki mövsümdə yarışı ilk “onluq”da başa vura bilib. Bir sözlə, “MakLaren”in bolidi Bakının uzun sürətlənmə düzlüyündə yaxşı nəticə əldə edə biləcək səviyyədədir.

“Haas”a gəldikdə isə, bu komandanın texniki heyəti Azərbaycan Qran-prisinin onlar üçün çətin keçəcəyi qənaətindədirlər. Onlar üçün əsas məsələ hər iki pilotun - Roman Qrojan və Kevin Maqnussenin bolidlərindəki təkər problemlərini tezliklə aradan qaldırmaqdır. Bu baxımdan bazar günü komanda üçün gərgin və uzun keçəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR