“Formula-1” SOCAR Azərbaycan Qran-prisinin maraqlı faktları və statistikası açıqlanıb.
ONA-nın məlumatına görə, “Mercedes” komandasının pilotu Valtteri Bottasın qələbəsi ilə yekunlaşan yarış rekordlar və yeniliklərlə zəngin olub.
Bu barədə yarışın rəsmi saytı maraqlı məqalə dərc edib.
* “Mercedes” komandası pilotları mövsümün startından ardıcıl olaraq 4 yarışda ilk iki yeri tutmaqla, 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib “Uilyiams” komandasına məxsus rekordu qırıb.
* “Formula-1” üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə “Mercedes”in pilotlarından biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzun müddətli qalibiyyətlər silsiləsidir.
* “Ferrari” komandasının pilotu Sebastian Fettel indiyədək Bakıda baş tutmuş bütün “Formula-1” yarışlarını ilk “dördlükdə bitirib. O, bu yarışların heç birində birinci və ikinci olmayıb.
* “Reysing Poynt” komandasının pilotu Serxio Peres bugünədək Bakıda keçirilmiş 4 yarışdan 3-də ilk “altılığ”a düşüb.
* “MakLaren” komandasının pilotu Karlos Sayns son üç Azərbaycan Qran-prisində yarışı ilk “səkkizlik”də başa vurub.
* Ötən ilki Azərbaycan Qran-prisindən sonra keçirilmiş yarışlar ərzində “MakLaren” komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala yiyələnə bilib.
* Builki Azərbaycan Qran-prisi “Reysing Point” komandasının pilotu Lens Strolun cari mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk “onluq”da bitirərək xala yiyələndiyi 2-ci yarışdır.
* “Uilyiams” komandası pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu 2 yerə yiyələnib. Bu da rekord göstəricidir.
* “Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün “Formula-1” yarışlarında ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən yeganə pilotdur.
* “Haas” komandasının pilotu Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün “Formula-1” yarışlarını uğurla başa vursa da, xala yiyələnə bilməyib.
* “Toro Rosso” komandasının pilotu Daniil Kvyat bugünədək Bakıda baş tutmuş 4 Qran-pri yarışından heç birini axıracan tamamlaya bilməyib.