“Formula-1” üzrə Azərbaycan Qran-prisində iştirak edəcək komandaların yüklərinin Bakıya gətirilməsinə başlanılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib.
Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb. Milli yük aviadaşıyıcısı təkcə “Formula-1”in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.
Bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 26-28-də keçiriləcək.