• İDMAN

    13:46 9 aprel 2019

“Formula-1”: İkinci “minlik” Azərbaycanda başlayacaq

“Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi tarixi əhəmiyyət kəsb edir.

ONA-nın məlumatına görə, həftəsonu Şanxayda keçiriləcək Çin Qran-Prisi yarışın tarixində 1000-ci olacaq.

1950-ci ildən keçirilən “Formula-1”də indiyədək 999 yürüş baş tutub. Təşkilatçılar 1000-ci mərhələ ilə bağlı hər hansı xüsusi tədbir və ya proqram keçirməyi planlaşdırmır.

Lakin pilotların əksəriyyəti öz təşəbbüsləri ilə bu rəqəmə biganə qalmayacaqlar. Onlar geyimlərində, xüsusilə dəbilqələrində xüsusi dizaynla yubileyi qeyd edəcək.

Əvvəlki 999 mərhələ 65 min 196 dövrəni və 322 476,07 kilometr təşkil edib. Yarışın tarixində 772 pilot və 159 konstruktor iştirak edib. İndiyədək 107 pilot və 34 mühəndis qələbə sevinci yaşayıb. 33 idmançı dünya çempionu, 15 komanda isə “Mühəndislər kuboku”nun qalibi adına yiyələnib.

1950-ci il mayın 13-də keçirilən ilk “Formula-1” Qran-Prisi Silverstounda keçirilib. Bu 69 ildə 32 ölkənin 72 trası yarışa ev sahibliyi edib. İtaliya daha çox – 96, Mərakeş isə cəmi bir mərhələni qəbul edib.

Qeyd edək ki, yubiley mərhələsindən sonra keçiriləcək ilk yarış aprelin 28-də Bakıda baş tutacaq. Azərbaycan Qran-Prisi 1001-ci kimi tarixə düşəcək və ikinci “minlik” başlayacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR