“Formula-1” üzrə növbəti mövsüm öncəsi keçirilən test yarışları çərçivəsində ikinci sınaq yekunlaşıb. ONA-nın məlumatına görə, İspaniyanın Barselona şəhərində baş tutan yürüş Böyük Britaniyanın “McLaren” komandasının pilotu Karlos Saynsın qələbəsi ilə başa çatıb.
O, dövrəni 1 dəqiqə 17,144 saniyəyə qət edib. Bu da cari mövsüm öncəsi yürüşlərdə ən yüksək göstəricidir.
Barselona yürüşləri bir neçə idmançı üçün texniki problemlərin yaranması ilə də diqqət mərkəzinə düşüb. K.Sayns da eyni aqibətlə üzləşib.
İspaniyalı pilotdan sonra ən yaxşı göstəriciyə malik, ilk test yürüşünün qalibi Sebastyan Fettel (“Ferrari”, İtaliya), 3-cü olan Maks Ferstappen (“Red Bull”, Avstriya) də İspaniyada xoşagəlməz halla üzləşib. Sonuncu hətta üzləşdiyi qəzadan sonra tibbi müayinədən keçməli olub.
Qeyd edək ki, “Formula-1” üzrə yeni mövsüm martın 17-də Avstraliyada start götürəcək. Azərbaycan Qran-prisi isə aprelin 26-28-də olacaq.