"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.
ONA-nın məlumatına görə, Bakıda keçirilən mövsümün dördüncü mərhələsində "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.
O, 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsi olub.
İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub.
Finişə isə 20 pilotdan 16-sı çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.
Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi "Mercedes"in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 2 ildə isə müvafiq olaraq, "Red Bull"dan Daniel Rikkardo və "Mercedes"dən Luis Hamilton qalib adınına yiyələnib.