“Formula-1” üzrə yarışların komandalar arasında mükafat fondunun hansı şərtlərlə bölüşdürüləcəyinə aydınlıq gəlib.
ONA-nın məlumatına görə, 2021-ci ildən qüvvəyə minəcək yeni qaydalara əsasən “Ferrari” əlavə bonus almaqda davam edəcək. İştirakçılar arasında öz tarixi statusu ilə fərqlənən bu komanda digərlərindən daha yüksək qazanca sahib olacaq.
Bonusdan əlavə məbləğin 65 faizi komandalar arasında bərabər bölünəcək. Maliyyənin 15 faizi əvvəlki yarışda tutduğu mövqeyə görə, 20 faizi isə iştirak tarixinə, həmçinin son 10 ildə “üçlüy”ə düşmək sayına görə paylanacaq.
Bununla yanaşı, komandalara büdcə məhdudiyyəti qoyulacaq. 2021-ci ildən hər komanda 190 milyon dollardan artıq xərcləyə bilməyəcək. 2023-cü ildə isə bu rəqəm 160 milyon dollara düşəcək. Sonradan xərclərin 135 milyon dollara qədər endiriləcəyi gözlənilir. Lakin mühərrik xərcləri bu vəsaitdə nəzərə alınmayacaq.
Qeyd edək ki, gələcəkdə pilotların maaşlarının da limitə daxil ediləcəyi gözlənilir.